Cənubi Koreya Prezidenti Li Ce Myonun, həyat yoldaşının, mühafizəçilərinin və digər müşayiətçilərinin şəxsi məlumatları ictimai internet saytına yüklənib və beş ay ərzində üçüncü şəxslər üçün əlçatan olub.
“Operativ Məlumat Mərkəzi-OMM” "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.
Məlumata əsasən, internetə prezidentlə birlikdə iyun ayında Avropaya səfər etdiyi ehtimal olunan 168 nəfərin pasport məlumatları sızdırılıb.
İyunun 2-də səfərdən əvvəl kompüter viruslarının yoxlanılması üçün ödənişli sayta "Sərnişinlərin siyahısı (Cənubi Koreya – Belçika)" adlı fayl yüklənib. Sənəddə şəxslərin adları, doğum tarixləri, vəzifələri, xarici pasportlarının nömrələri və etibarlılıq müddətləri əks olunub.
Məlumat sızmasından təkcə prezident və həyat yoldaşı deyil, həmçinin dövlət başçısının mühafizə xidməti, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyinin əməkdaşları, jurnalistlər, stilistlər və şəxsi həkim də təsirlənib.
Siyahıda hətta prezidentə təqdim edilməzdən əvvəl onun yeməyini yoxlayan şəxslərin də məlumatları yer alıb.
Faylın silinənədək beş ay ərzində saytın digər abunəçiləri tərəfindən yüklənə bildiyi ehtimal olunur.
Xarici İşlər Nazirliyi hadisə ilə bağlı müvafiq tədbirlərin görüldüyünü və prezidentlə həyat yoldaşı üçün yeni pasportların hazırlanacağını bildirib. Bununla belə, qurum şəxsi məlumatların kənar şəxslərin əlinə keçdiyinə dair hər hansı əlamətin olmadığını iddia edib.
Versiyalardan birinə görə, faylı internetə Cənubi Koreya Xarici İşlər Nazirliyinin xarici səfərlərə cavabdeh olan protokol xidmətinin əməkdaşı yükləmiş ola bilər.
Prezident Administrasiyası öz növbəsində insidentlə bağlı zəruri tədbirlərin görüldüyünü açıqlayıb.