Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq. Komandanın baş məşqçisi Cəlil Cəlilov bildirib ki, kollektiv oyunda ən yaxşı nəticəni göstərməyə çalışacaq.
Onun sözlərinə görə, hazırlıq prosesi yaxşı keçib. “Xilasedici” ölkə çempionatında iki oyun keçirib və hər ikisində qələbə qazanıb. Cəlilov komandanın Çempionlar Liqasının matçına da bu əhval-ruhiyyədə çıxacağını deyib.
Məşqçi komandanın bəzi üzvlərində cüzi zədələrin olduğunu, buna baxmayaraq, hamısının meydana çıxacağını bildirib. O, rəqibin təhlilinin aparıldığını və “Sportinq”in güclü, köklü komanda olduğunu vurğulayıb. Cəlilov voleybolda hər cür nəticənin mümkünlüyünü də qeyd edib. Bu barədə o, Report-a açıqlamasında danışıb.
“Xilasedici” – “Sportinq” oyunu bu gün Fövqəladə Hallar Nazirliyinin idman zalında saat 18:00-da başlayacaq. Komandalar arasında cavab görüşü noyabrın 11-də keçiriləcək.