"Carolina Herrera" moda evi 45 illik yubileyi münasibətilə bazar ertəsi Nyu-York Moda Həftəsində parlaq podium nümayişi keçirib.
Moda evinin 2025-ci ilin yaz kolleksiyası günəş rəngli lalələrlə bəzədilmiş məkanda təqdim olunub. Kreativ direktor Ues Qordon nümayiş üçün “sarı çiçəklərdən xalça” yaratmaq istədiyini bildirib və “taksi sarısı” adlandırdığı rəngdən istifadə edib.
Kolleksiyada "The New Yorker" jurnalı ilə əməkdaşlıq çərçivəsində hazırlanan nümunələr, eləcə də Endi Uorholun Carolina Herreranın portreti yer alıb. Sənətçinin əsəri ilk dəfə lisenziyalaşdırılaraq çanta və donların üzərində təqdim edilib.
Qordonun sözlərinə görə, yaxın dostu kimi təsvir etdiyi Carolina Herrera Uorholun əsəri əks olunan donlardan birini bəyənib və həmin geyimin rəssamın da xoşuna gələcəyini deyib.
Nümayiş qara-ağ gündəlik geyimlərlə başlayıb. Bu geyimlərdə sarı rəngdən vurğular istifadə olunub. Daha sonra Herrera qırmızısı və püstə rəngində mini donlar və ziyafət geyimləri təqdim edilib.
Qordon rənglərin moda evinin kimliyində mühüm yer tutduğunu bildirib. O, seçim zamanı əsas tələbin rənglərin enerjili və canlı olması olduğunu vurğulayıb.
Nyu-York Moda Həftəsinin altı gün ərzində təxminən 70 kolleksiya təqdimatından sonra sentyabrın 15-də başa çatması planlaşdırılır.