"Tehran Vaşinqtonun İranın nüvə məsələsini danışıqlar yolu ilə həll etmək üçün ciddi öhdəliyini görərsə, ABŞ ilə dolayı danışıqlar davam etdiriləcək".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Araqçı deyib.
O, İranın uranın zənginləşdirilməsi də daxil olmaqla, dinc nüvə enerjisi inkişaf etdirmək hüququndan heç vaxt imtina etməyəcəyini bir daha vurğulayıb.
"Danışıqların uğuru isə qarşı tərəfin bu məsələyə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Düşünürəm ki, danışıqların ilk mərhələsi daha çox etimadın və danışıqlar yolu ilə razılığa gəlmək niyyətinin ciddiliyinin sınağı idi. ABŞ-nin ciddi olduğunu göstərən əlamətlər var, lakin bəzi sanksiyaların davam etməsi və bəzi hərbi fəaliyyətlər kimi bu ciddiliyin azaldığını göstərən əlamətlər də var. Bütün bunlar qarşı tərəfin nə qədər ciddi olduğuna və onların real danışıqlara hazır olub-olmadığına dair şübhələr yaradır. Biz bütün bu əlamətləri diqqətlə izləyirik və danışıqları davam etdirib-etdirməmək barədə qərar vermək üçün onları qiymətləndiririk", - Araqçı əlavə edib.
O qeyd edib ki, ABŞ-nin qeyri-real və əsassız tələbləri real maneədir. O, İranın nüvə silahı hazırlamaq niyyətində olmadığını bir daha vurğulayıb.