ABŞ bütün B-1 bombardmançı təyyarələrini Böyük Britaniyadakı aviabazadan çıxarıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Reuters" məlumat yayıb.
Pentaqon nümayəndəsinin sözlərinə görə, təyyarələr ABŞ-dakı daimi bazalarına qayıdıb:
"Fairford" aviabazasında yerləşdirilən bütün Amerika bombardmançılarının ABŞ-dəkı daimi bazalarına qayıtdığını təsdiqləyə bilərik".
Bununla belə, Pentaqon qeyd edib ki, ABŞ bombardmançıları ölkə ərazisindən də zərbələr endirməyə hazır vəziyyətdə qalırlar.
Bildirilib ki, bombardmançılar Londondan 145 kilometr qərbdə yerləşən "Fairford" aviabazasında dislokasiya olunmuşdu və İran ərazisinə zərbələr endirmək üçün istifadə edilirdi.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl "Fairford" aviabazasının yaxınlığında terror aktları hazırlamaqda şübhəli bilinən beş nəfər saxlanılıb. Britaniya polisi tərəfindən həbs edilən şəxslər sonradan girov qarşılığında azadlığa buraxılıb. Hadisənin təfərrüatları açıqlanmayıb. Terror aktlarının planlaşdırılmasında şübhəli bilinərək saxlanılan Britaniya və İran vətəndaşı olan altıncı şəxs də girov qarşılığında azad edilib.
İran ehtimal olunan terror aktına hər hansı aidiyyətini rədd edir. SEPAH isə iyulun sonunda "Fairford" aviabazasını qanuni hədəf elan etmişdi.
"Fairford" ABŞ Hərbi Hava Qüvvələrinin Avropada ağır bombardmançıların yerləşdirilməsi üçün uyğun olan azsaylı bazalarından biridir. Baza daha əvvəl ABŞ-nin Yaxın Şərqdəki hərbi əməliyyatlarında mühüm rol oynayıb. ABŞ-İran münaqişəsi zamanı Vaşinqton İranın raket qurğularına zərbələr endirmək üçün Feyrfors aviabazasından istifadəyə icazə almışdı.