Bill Qeyts Ceffri Epşteynlə münasibətlərinə görə üzr istəyib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Nine News”a verdiyi müsahibədə “Microsoft”un təsisçisi və sahibkar Bill Qeyts mübahisəli milyarder Ceffri Epşteynlə münasibətlərinə görə üzr istəyib. Onun açıqlamaları "Daily Mail" qəzetində dərc olunub.
Bill Qeyts bildirib ki, keçmişə nəzər saldıqda Epşteynlə ünsiyyət qurmağın ciddi səhv olduğunu anlayıb.
“Geriyə baxanda görürəm ki, bu, çıxılmaz bir sonluq idi və mən onunla vaxt keçirməkdə axmaq idim. Mən onu tanıdığıma görə peşman olan çoxlu insanlardan biriyəm”, – deyə o qeyd edib.
Sahibkar izah edib ki, Epşteynlə əlaqə saxlamasının səbəbi onun çoxsaylı varlı insanlarla tanış olması və onları qlobal səhiyyə layihələrinə ianə verməyə cəlb edə biləcəyini iddia etməsi olub.
Qeyts vurğulayıb ki, Epşteynlə keçirdiyi hər dəqiqəyə görə peşmandır və bu münasibətlərə görə üzr istəyir:
“Onun nə düşündüyünü bilmirəm. Onunla keçirdiyim hər dəqiqəyə görə peşmanam və hərəkətlərimə görə üzr istəyirəm. Mən yalnız şam yeməklərində iştirak etmişəm. Heç vaxt adada olmamışam, onun qadınlarından heç biri ilə görüşməmişəm. Daha çox detal üzə çıxdıqca, bunun səhv qərar olsa da, onun davranışları ilə heç bir əlaqəm olmadığı daha aydın olacaq”.