Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində arxeoloji qazıntılar zamanı qədim tikililərin izləri aşkarlanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, ardıcıl mədəni qatlar və memarlıq qalıqları Mil düzündə yerləşən bu yaşayış məskənində məskunlaşmanın bir neçə mərhələdə davam etdiyini göstərir.
Belə ki, 2026-cı ilin iyul-avqust aylarında altı kvadrat üzrə aparılan qazıntılar zamanı mədəni qatın təxminən bir metr dərinliyədək davam etdiyi müəyyənləşdirilib. Qazıntı sahəsinin A kvadratında 97 sm dərinlikdə 40×35 sm ölçülü çiy kərpiclərdən döşəmə, B kvadratında isə 92-93 sm dərinlikdə bişmiş qırmızı kərpicdən hörgü izləri qeydə alınıb. Həmçinin keramika nümunələri, tikinti materialları və sümük qalıqları aşkarlanaraq sənədləşdirilib.
Qeyd edək ki, Təzəkənd abidəsi ilk dəfə 1936-cı ildə yerüstü kəşfiyyat zamanı qeydə alınıb. Abidədə ilk sistemli tədqiqatları 1953-1957-ci illərdə Örənqala ekspedisiyası aparıb. 1957-ci ildə mədəni təbəqənin 3,5 metrədək davam etdiyi müəyyənləşdirilib.
Əvvəlki tədqiqatlarda aşkarlanmış keramika nümunələri və Oktavian Avqust dövrünə aid gümüş denarilər yaşayış yerində məskunlaşmanın e.ə. II–I əsrlərdən eramızın V–VII əsrlərinədək davam etdiyini göstərir.
Tədqiqatçılar Təzəkənd abidəsini ilk orta əsrlərə aid Paytakaran şəhərinin qalıqları ilə eyniləşdiriblər.