Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pekində Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüş keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan–Çin ikitərəfli və çoxtərəfli münasibətlərinin mövcud vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər 2025-ci ildə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini məmnunluqla qeyd ediblər.
Nazirlər Azərbaycan Prezidentinin ötən ilin aprelində Çinə həyata keçirdiyi dövlət səfəri zamanı imzalanmış sənədlərin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlığa ciddi təkan verdiyini vurğulayıblar. Həmçinin 2027-ci ildə Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı xatırladılıb.
Görüşdə ticarət-iqtisadi əlaqələr, enerji və bərpa olunan enerji, sənaye, rəqəmsal transformasiya, kənd təsərrüfatı, humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti önə çəkilib. Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində birgə fəaliyyət yüksək qiymətləndirilib.
Tərəflər beynəlxalq təşkilatlar – BMT, AQEM, Qoşulmama Hərəkatı və digər platformalar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Regional və qlobal təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Görüş zamanı post-münaqişə dövründə azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və mina təhlükəsi barədə Çin tərəfinə məlumat verilib, ANAMA-nın humanitar minatəmizləmə fəaliyyətinə göstərilən dəstəyə görə təşəkkür ifadə olunub.