"Barselona" klubu Robert Levandovskinin komandanı tərk etməsi ehtimalını nəzərə alaraq, hücum xəttini gücləndirmək üçün yeni futbolçu axtarışlarını davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, klubun rəhbərliyi üçün əsas prioritet hələ də "Atletiko"nun forvardı Xulian Alvares olaraq qalır.
Bununla belə, transfer danışıqlarında yarana biləcək çətinlikləri nəzərə alan "göy-qırmızılılar" alternativ variantlar üzərində də işləyirlər.
Klubun diqqət mərkəzində "Real Sosyedad"ın üzvü Mikel Oyarzabal var. İspaniyalı futbolçunun transferinin Alvareslə müqayisədə daha sərfəli başa gələcəyi gözlənilir.
Karyerası boyu yalnız "Real Sosyedad"ın şərəfini qorumuş 29 yaşlı hücumçu, ötən mövsüm basklar heyətində keçirdiyi 40 matçda 18 dəfə rəqib qapısına yol tapıb.
"Transfermarkt" portalı tərəfindən dəyəri 25 milyon avro olaraq qiymətləndirilən Oyarzabal, hazırda davam edən DÇ-2026-da İspaniya millisinin heyətində də uğurlu çıxışı ilə diqqət çəkir və iki oyunda iki qola imza atıb.