Azərbaycanın qadın boksçusu Banuçiçək Nəsirli 16-27 oktyabr tarixlərində Monteneqroda keçiriləcək U-19 dünya çempionatına hazırlaşır. Bu, onun dünya birinciliyində ilk iştirakı olacaq.
Nəsirli gənclər komandasında son ilini qızıl medalla başa vurmaq niyyətindədir. O, son Avropa çempionatında məğlub olduğu irlandiyalı boksçu ilə dünya çempionatında yenidən qarşılaşmaq istədiyini bildirib.
“İlk dünya çempionatımda qızıl medal qazanmaq istəyirəm. Son Avropa çempionatında irlandiyalı döyüşçüyə uduzmuşam. Əslində, üstünlüyün məndə olduğunu düşünürəm. İstərdim ki, dünya birinciliyində yenidən onunla qarşılaşım və həqiqətən daha güclü olduğumu sübut edim”, – deyə boksçu vurğulayıb.
O, böyüklər arasında yarışlara keçidin çətin olacağını və yeni səviyyəyə uyğunlaşmaq üçün bir-iki ilə ehtiyacı olduğunu qeyd edib.
Banuçiçək Nəsirlinin uğurları
Nəsirli iki U-19 Avropa çempionatında medal qazanan ilk azərbaycanlı qız boksçudur. O, bu yarışlarda gümüş və bürünc medala sahib çıxıb. İdmançı kadetlər arasında Avropa birinciliyində də Azərbaycan qadın boksu tarixində ilk medalın müəllifidir.
Boksçu bu idman növünə COVID-19 pandemiyası dövründə başlayıb. Bundan əvvəl üzgüçülük və cüdo ilə məşğul olan Nəsirli boksun çətinliyinin onu cəlb etdiyini bildirib. Hazırda boş vaxtlarında tennis və voleybol oynayır.
Nəsirli azərbaycanlı boksçu Elvin Məmişzadəni özünə nümunə hesab edir. O, gələcəkdə böyüklər arasında Avropa, dünya və Olimpiya çempionatlarında qızıl medal qazanmağı, karyerasını başa vurduqdan sonra isə milli komandanın məşqçisi olmağı hədəfləyir.