Milli Hidrometeorologiya Xidməti oktyabrın 21-dən 23-dək Azərbaycanda qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Bu müddətdə bəzi ərazilərdə intensiv yağış, şimşək və dolu gözlənilir. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də, əsasən, şəhərətrafı ərazilərdə yağış yağacağı gözlənilir. Bölgələrdə isə yağıntılar oktyabrın 22-dən başlayacaq, ayın 23-də bəzi yerlərdə intensivləşəcək.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın dağətəyi ərazilərindən keçən çaylarda və Naxçıvan Muxtar Respublikasının bəzi çaylarında sel və daşqın ehtimalının olduğu bildirilir.
Bakıda 26 dərəcəyədək isti olacaq
Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gün ərzində arabir buludluluq müşahidə olunsa da, günəşli hava üstünlük təşkil edəcək.
Havanın temperaturu gecə 16-19, gündüz isə 22-26 dərəcə isti olacaq.
Paytaxtda şimal-qərb küləyinin səhər saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcəyi və gün ərzində davam edəcəyi gözlənilir.
Bölgələrdə leysan və dolu ehtimalı var
Bölgələrdə, əsasən, dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensiv və leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə qar yağması mümkündür.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 26-28 dərəcə isti olacaq.
Yüksək dağlıq ərazilərdə isə gecə 5-10, gündüz 12-16 dərəcə isti gözlənilir.