Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatının üçüncü günündə Azərbaycan millisinin yeddi idmançısı mərhələ adlayıb.
Veysilə Əliyeva (54 kq) 1/8 finalda şotlandiyalı Mairid Makgeoçə 4:0 (29:27, 30:26, 29:27, 28:28, 29:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda ukraynalı Alina İnatoviçlə qarşılaşacaq. Hüseyn Rəhimli (40 kq) xorvatiyalı Matiya Yankoviçi ilk raundda tam üstünlüklə məğlub edib. Növbəti görüşdə onun rəqibi ingiltərəli Feliks Runi olacaq.
Hümbət Almazov (42 kq) serbiyalı Petar Radivoyeviçə 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda almaniyalı Kevin Lourenko de Kastro ilə üz-üzə gələcək. Gülay Ocaqova (57 kq) italiyalı Quilia Qiustizierini 1/4 finalda 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə yenərək yarımfinala yüksəlib. Final uğrunda onun rəqibi macarıstanlı Lia Toldi olacaq.
Rafael Abbasov (66 kq) polşalı Yan Balaya 3:2 (27:30, 30:27, 30:27, 30:27, 27:30) hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə gürcüstanlı Zakaria Tsiklauri ilə görüşəcək.
Sərxan Haxverdiyev (70 kq) polşalı Oliver Mayaya 3:2 (30:27, 29:28, 28:29, 28:29, 30:27) hesabı ilə qalib gəlib. Növbəti rəqibi italiyalı Dieqo Mastrorillo olacaq. Teymur Tanrıverdiyev (90 kq) isə türkiyəli Berat Yıldırımı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. Yarımfinalda o, rusiyalı Andrey Konstantinovla qarşılaşacaq.
Avropa çempionatı oktyabrın 25-də başa çatacaq.