Azərbaycanda qarşıdakı günlərdə hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Bir neçə gündür müşahidə olunan mülayim və nisbətən sərin hava yerini intensiv yağışlara verəcək. Proqnoza görə, leysan xarakterli yağıntılar bir həftədən çox davam edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gün ölkə ərazisində hava dəyişkən buludlu olacaq. Arabir buludluluq artsa da, əsasən yağmursuz hava şəraiti gözlənilir.
Gün ərzində havanın temperaturu 18-23 dərəcə isti olacaq. Cənub-qərb küləyi əsəcək, bəzi saatlarda küləyin sürətinin artacağı ehtimal edilir.
Bölgələrdə də əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı, ucqar dağlıq ərazilərdə isə dolu düşəcəyi və qar yağacağı istisna edilmir. Rayonlarda havanın temperaturu 24 dərəcəyədək yüksələcək.
Mütəxəssislər hazırkı mülayim hava şəraitini meteohəssas insanlar üçün nisbətən əlverişli hesab edirlər. Bununla belə, qarşıdakı günlərdə gözlənilən intensiv yağıntılarla əlaqədar hava proqnozlarını izləmək tövsiyə olunur.