Operativ Məlumat Mərkəzi

“Azərbaycan pasportunun mövqeyi daha da güclənir, vizasız gedilə bilən ölkələrin sayı artır”

2 dəq
Paylaş:
“Azərbaycan pasportunun mövqeyi daha da güclənir, vizasız gedilə bilən ölkələrin sayı artır”

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sahib Alıyev Azərbaycanın pasport reytinqində mövqeyinin yüksəldiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərinə görə, hazırda Azərbaycan pasportu dünyanın 199 ölkəsi arasında 70-ci yerdədir və vətəndaşlar 70 ölkəyə vizasız səyahət edə bilir. Yeni razılaşmalarla bu say 77-yə yüksələcək.

Deputat qeyd edib ki, hərçənd vizasız rejim tətbiq olunan ölkələrin çoxu daha çox turist qəbul etməyə ehtiyac duyan dövlətlərdir, yenə də bu addım Azərbaycanın turizm potensialına müsbət təsir göstərəcək. Onun fikrincə, vizasız ölkələrin sayının artması həm pasportun nüfuzunu gücləndirir, həm də qarşılıqlı turizm axınını stimullaşdırır.

Sahib Alıyev çıxışında Kəlbəcərin işğaldan azad edilməsinin 5 illiyi ilə bağlı fikirlərini də bölüşüb. O, bölgədə aparılan genişmiqyaslı quruculuğun Kəlbəcəri əsl “Azərbaycan İsveçrəsinə” çevirdiyini vurğulayıb və hər kəsi təbiətə daha həssas yanaşmağa çağırıb. Deputat xüsusilə yay aylarında sosial şəbəkələrdə yayılan zibillənmə hallarını tənqid edərək bildirib ki, işğaldan azad olunan torpaqların hər qarışı şəhidlərin qanı ilə azad edilib və bu ərazilərə münasibət də buna uyğun olmalıdır.

Deputat həmçinin qeyd edib ki, Kəlbəcərin bir güllə belə atılmadan azad olunması Azərbaycanın hərbi-siyasi uğurunun və liderlik amilinin bariz nümunəsidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin prinsipial mövqeyi və vasitəçilərin qeyri-obyektivliyinə baxmayaraq milli maraqları qətiyyətlə qoruması sayəsində danışıqlar uğurla başa çatıb.

Sahib Alıyev çıxışının sonunda bildirib ki, Azərbaycan bu uğurları daha da möhkəmləndirmək üçün həm sərt, həm də yumşaq güc potensialını artırmaqda davam edir.

Mehman Mirzəzadə

Bu xəbəri paylaş

Oxşar xəbərlər