Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb
17.02.2025 17:59
Aa
dəq

2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycan əhalisinin sayı 44 min 119 nəfər və ya 0,4 faiz artaraq 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 224 min 889 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınıb.

Bildirilib ki, 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,8), Dağlıq Şirvan (5,6), Qarabağ (5,5), Mil-Muğan (5,4), Lənkəran-Astara (5,1), Bakı şəhəri, Qazax-Tovuz və Şirvan-Salyan (5,0) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,9) yüksək olub.

2024-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 102 min 310 doğulan körpə qeydə alınıb.

Bu 2023- cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10-a düşmüşdür.

Ötən il ölkədə 58 min 909 ölüm halı qeydə alınmış və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşmüşdür.

Ölənlərin 2 min 519 nəfəri (4,3 faizi) 0-17 yaşda, 5 min 880 nəfəri (10,0 faizi) 18-49 yaşda, 14 min 693 nəfəri (24,9 faizi) 50-64 yaşda, 35 min 817 nəfəri (60,8 faizi) isə 65 və yuxarı yaşda olmuşdur.

Həftənin ən çox oxunanları