Azərbaycanda dövlət orqanlarında daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və "kağızsız hökumət"ə keçid prosesi 2028-ci ilin iyul ayında başa çatdırılacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu mühüm dəyişiklik Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, dövlət qurumlarının daxili biznes proseslərinin azı 80 %-nin təhlili həyata keçiriləcək. Bu təhlil əsasən maliyyə, insan resursları və satınalma sahələrini əhatə edəcək.
Bundan əlavə, müəssisə resurslarının planlaşdırılması (MRP) və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiq edilməsi planlaşdırılır.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi isə dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.