Operativ Məlumat Mərkəzi

Azərbaycanda əhali artımı, doğum və nikah göstəriciləri: rəsmi statistika açıqlandı

2 dəq
Paylaş:
Azərbaycanda əhali artımı, doğum və nikah göstəriciləri: rəsmi statistika açıqlandı
bu barədə Dövlət Statistika Komitəsinin ölkənin yanvar–dekabr ayları üzrə iqtisadi və sosial inkişafını əks etdirən makroiqtisadi nəşrində məlumat yer...

2025-ci ilin yanvar–noyabr ayları ərzində Azərbaycanda əhalinin sayı 34 812 nəfər və ya 0,3 faiz artaraq dekabrın 1-i vəziyyətinə 10 milyon 259 min 701 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin ölkənin yanvar–dekabr ayları üzrə iqtisadi və sosial inkişafını əks etdirən makroiqtisadi nəşrində məlumat yer alıb.

Rəsmi statistikaya görə, ölkə əhalisinin 54,4 faizi şəhərlərdə, 45,6 faizi isə kənd yerlərində yaşayır. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Nikah və boşanma göstəriciləri azalıb

Ötən ilin yanvar–noyabr aylarında Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən 44 996 nikah və 18 832 boşanma faktı qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a enib.

Doğum səviyyəsində azalma müşahidə olunur

2025-ci ilin yanvar–noyabr aylarında ölkə üzrə 88 135 körpə doğulub. Müqayisə göstərir ki, əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 2024-cü ilin müvafiq dövründəki 10,1-dən 9,4-ə qədər azalıb.

Doğulan körpələrin 53,1 faizini oğlanlar, 46,9 faizini isə qızlar təşkil edib. Qeyd olunan dövrdə 2 930 əkiz və 93 üçəm doğuluşu qeydə alınıb.

Əhalinin gəlirləri 8 faiz artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkə əhalisinin nominal gəlirləri əvvəlki illə müqayisədə 8 faiz artaraq 89 milyard 916 milyon manat olub. Hər nəfərə düşən orta gəlir isə 8 777,6 manat təşkil edib.

Bildirilib ki, əhalinin sərəncamında qalan gəlirlərin həcmi 79 milyard 945,3 milyon manat səviyyəsində olub.

Ölüm göstəricilərində artım qeydə alınıb

Keçən ilin yanvar–noyabr aylarında ölkədə 54 582 ölüm halı qeydə alınıb. Rəsmi statistikaya əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi 5,7-dən 5,8-ə yüksəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər