Niderlandın “Ayaks” klubu Türkiyənin “Fənərbaxça” komandasında çıxış edən təcrübəli yarımmüdafiəçi Fred ilə maraqlanır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, “Fənərbaxça” Fredin transferinə yalnız bir şərtlə razıdır: klub “Əl-İttihad”dan N’Qolo Kanteni heyətinə cəlb edə bilsə.
Məhz bu transfer baş tutacağı təqdirdə, “sarı-lacivərdlilər” Fredlə bağlı gələn təklifləri dəyərləndirməyə hazırdır.
“Ayaks”la danışıqların da Kante məsələsi dəqiqləşdikdən sonra intensivləşəcəyi bildirilir.
Amsterdam klubunun Fredi icarəyə götürmək, yoxsa birdəfəlik transfer etmək istədiyi hələlik məlum deyil. Lakin maliyyə imkanları məhdud olan “Ayaks”ın daha çox icarə variantına üstünlük verdiyi vurğulanır.
“Transfermarkt” portalına əsasən, 32 dəfə Braziliya millisində forma geyinmiş Fredin “Fənərbaxça” ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir və bazar dəyəri 7 milyon avro olaraq qiymətləndirilir.
32 yaşlı braziliyalı futbolçu bu mövsüm İstanbul təmsilçisinin əsas heyət üzvlərindən biridir və Super Liqada 18 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, futbolçu son dövrlərdə yalnız “Ayaks”la deyil, “Atletiko Mineyro” və “Olimpiakos” klubları ilə də əlaqələndirilib.
Xatırladaq ki, Fred 2023-cü ilin avqustunda “Mançester Yunayted”dən “Fənərbaxça”ya 9,7 milyon avro qarşılığında transfer olunmuşdu.
Görünən odur ki, yay transfer pəncərəsində braziliyalı yarımmüdafiəçinin adı yenidən Avropa klublarının gündəmində olacaq.