Avstraliya hökuməti süni intellekt texnologiyalarının tənzimlənməsi və ölkədə fəaliyyət göstərən böyük məlumat mərkəzlərinə nəzarətin gücləndirilməsi məqsədilə yeni dövlət qurumunun yaradıldığını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Baş nazir Entoni Albaniz tərəfindən elan olunan qərara əsasən, "Office of AI" (Süni İntellekt Ofisi) birbaşa Nazirlər Kabinetinin və Baş nazirin departamenti nəzdində fəaliyyət göstərəcək.
Baş nazir bildirib ki, yeni qurum süni intellekt sahəsində indiyədək müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyətləri vahid idarəetmə mexanizmi altında birləşdirəcək. Onun sözlərinə görə, əsas məqsəd texnologiyanın Avstraliyada təhlükəsiz, səmərəli və milli maraqlara uyğun şəkildə tətbiqini təmin etməkdir.
Məlumata görə, yeni ofis investorlar üçün daha şəffaf təsdiq mexanizmləri və sadələşdirilmiş uyğunluq prosedurları təqdim edəcək. Gələn ilin əvvəlində parlamentə təqdim olunacaq qanunvericilik layihəsində isə böyük məlumat mərkəzlərinin tikinti yerləri, enerji və su istehlakı ilə bağlı yeni tələblərin yer alacağı bildirilir.
Ekspertlər hesab edirlər ki, məlumat mərkəzlərinin sürətlə artması enerji qiymətlərinə və ətraf mühitə mənfi təsir göstərə bilər. Hazırda Avstraliyada süni intellekt sahəsini tənzimləyən ayrıca qanunvericilik mövcud deyil və bu istiqamətdə nəzarət əsasən məxfilik, istehlakçı hüquqları və könüllü etik prinsiplər çərçivəsində həyata keçirilir.