Ermənistanda keçirilən seçkilərlə bağlı hüquq-mühafizə orqanlarına yüzlərlə müraciət daxil olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, iyunun 8-i saat 10:00-a olan vəziyyətə əsasən, Daxili İşlər Nazirliyinin Əməliyyat İdarəetmə Mərkəzinin 112 və 87-67 qaynar xətlərinə məlumatverici və yoxlama zəngləri də daxil olmaqla ümumilikdə 619 müraciət daxil olub.
Daxil olan məlumatlar arasında təkrar səsvermə ilə bağlı 52, səsvermənin gizliliyinin pozulması ilə bağlı 27, seçki hüquqlarının həyata keçirilməsinə mane olma ilə bağlı 9, seçicilərə rüşvət vermə ilə bağlı 4, seçki prosesinə mane olma ilə bağlı 2, seçki məntəqəsində soyuq silah gəzdirmə ilə bağlı 1 hal, eləcə də xuliqanlıq və fiziki zorakılıq faktları qeydə alınıb.
Qeyd olunub ki, bu pozuntularla bağlı sənədlər istintaq orqanlarına təqdim edilib. Hazırda iddia edilən pozuntularla əlaqədar 322 məlumat araşdırılır. Həmçinin 18 nəfər saxlanılıb.
Nazirliyin Miqrasiya və Vətəndaşlıq Xidmətinin məlumatına əsasən, əlavə seçici siyahılarına daxil edilmək üçün 2435 nəfər müraciət edib, onlardan 1172 nəfərə müvafiq vəsiqə verilib. Bundan başqa, 1221 nəfər seçkilərdə iştirak etmək üçün icmalar tərəfindən təqdim edilən müvəqqəti şəxsiyyəti təsdiq edən sənəd (Forma 9) alıb.
Bildirilib ki, Miqrasiya və Vətəndaşlıq Xidmətinin Çağrı Mərkəzinə seçkilərin təşkili və keçirilməsi ilə bağlı 1725 zəng daxil olub. Xidmətin bölmələrində və Daxili İşlər Nazirliyinin səyyar xidmət mərkəzlərində isə 1745 vətəndaşa məsləhət xidməti göstərilib.