Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) göstərib ki, adekvat mənzil təminatına və dayanıqlı icmalara yalnız birgə məsuliyyət, əlaqələndirilmiş fəaliyyət və güclü beynəlxalq əməkdaşlıq sayəsində nail olmaq mümkündür.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev tədbirin bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, bu günlər ərzində Bakı qlobal çağırışların həllində həmrəyliyin, tərəfdaşlığın və effektiv çoxtərəfli əməkdaşlığın vacibliyini bir daha nümayiş etdirib: "WUF13 başa çatsa da, burada – Bakıda möhkəmlənən tərəfdaşlıqlar, əsası qoyulan təşəbbüslər və yenidən təsdiqlənən öhdəliklər bu forumdan kənarda da davam edəcək. Ümid edirik ki, bu müzakirələr, imkanlar və təklif olunan həll yolları konkret fəaliyyətlərə çevriləcək, həmçinin dünya üzrə 3,4 milyard insana təsir edən mənzil və evsizlik problemlərinin həllinə töhfə verəcək. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsində vurğulandığı kimi, mənzil təminatı bir insan hüququdur və bu hüquq hamının rifahı üçün təmin edilməlidir".