Avropa İttifaqı Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Bəyanatda Ermənistan vətəndaşları parlament seçkilərində iştirak edərək suveren demokratik hüquqlarından istifadə etmələri münasibətilə təbrik olunub, yüksək vətəndaş fəallığı isə müsbət qiymətləndirilib.
Aİ qeyd edib ki, keçirilən səsvermə Ermənistanın demokratiyaya, sülhə, regional əməkdaşlığa və Avropa ilə daha sıx əlaqələrə sadiqliyini nümayiş etdirib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının ilkin qiymətləndirməsinə istinad edilən bəyanatda bildirilib ki, seçki kampaniyası yüksək dərəcədə qütbləşmiş olsa da, seçkilər inklüziv şəkildə keçirilib, seçicilərə aydın siyasi alternativlər təqdim olunub və proses ümumilikdə yaxşı təşkil edilib.
Aİ həmçinin vurğulayıb ki, seçki kampaniyası və səsvermə xarici müdaxilə, təzyiqlər və müxtəlif hibrid hücumlar fonunda baş tutub. Buna baxmayaraq, seçkilərin Ermənistanın demokratik dayanıqlığını və islahatlar istiqamətində irəliləyişini nümayiş etdirdiyi qeyd olunub.
Məlumata görə, Aİ Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələri nəzərə aldığını və nəticələrin Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının üstünlüyünü göstərdiyini bildirib.
"Biz bütün siyasi qüvvələri səsvermənin nəticələrinə və demokratik prosedurlara hörmət etməyə, seçkilərlə bağlı hər hansı narazılığı hüquqi mexanizmlər vasitəsilə həll etməyə çağırırıq", – deyə bəyanatda vurğulanıb.
Aİ Ermənistanın demokratik inkişaf yolunu dəstəkləməyə davam edəcəyini, hökumət və parlamentlə əməkdaşlığı genişləndirərək islahatların həyata keçirilməsi, regional sülhün təşviqi, iqtisadi inkişaf və əlaqələrin gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Vətəndaş Müqaviləsi Partiyası, Güclü Ermənistan bloku və Ermənistan bloku parlamentə düşmək hüququ qazanıb. İlkin nəticələrə görə, Vətəndaş Müqaviləsi Partiyası parlamentdə çoxluğu əldə edərək hökuməti formalaşdıracaq.