İkinci Liqanın 11-ci turunda səfərdə “Ağdaş”ı 5:0 hesabı ilə məğlub edən “Şirvan”ın baş məşqçisi Pərviz Bayramov oyuna erkən qol vurmaq planı ilə başladıqlarını deyib.
“Oyuna yaxşı başladıq. Əslində, planımız erkən qol vurub rəqibin müqavimətini sındıraraq təşəbbüsə yiyələnmək idi. Belə komandalarla görüşlərdə qol gecikdikcə rəqibin özünəinamı artır və daha əzmlə mübarizə aparır”, – deyə o bildirib.
Bayramov əvvəlki turda “Marafon”a məğlubiyyətin futbolçularına təsir etdiyini və bu dəfə onların meydanın hər qarışı uğrunda mübarizə apardığını vurğulayıb. O, Ağdaş şəhər stadionunun örtüyünü, xüsusən yağışdan sonra, oynamaq üçün yararsız vəziyyətdə qiymətləndirib.
Baş məşqçinin sözlərinə görə, stadionların durumu təkcə “Ağdaş”ın problemi deyil: İkinci Liqa klublarının əksəriyyəti oxşar çətinliklə üzləşir, “Şirvan”ın stadionu da Ağdaşdakından geri qalmır.
“Şirvan” ilk dövrəni üçüncü pillədə başa vurub. Bayramov heyət çatışmazlığı və çoxsaylı zədələri nəzərə alaraq nəticəni qənaətbəxş sayıb. Komanda ikinci dövrəyə lider “Qaradağ Lökbatan”la qarşılaşma ilə başlayacaq. Baş məşqçi çətin oyun gözlədiklərini, ciddi hazırlaşacaqlarını və doğma meydan amilindən yararlanaraq sərfəli nəticə qazanmağa çalışacaqlarını deyib. O, fikirlərini “Fanat.az”a açıqlamasında bildirib.