Bakıda keçirilən ADEX 2026 müdafiə sərgisinin yekunlaşdığı gün tədbirin beş əsas nəticəsi diqqətə çatdırılıb. Sərgidə yeni pilotsuz sistemlər təqdim olunub, Azərbaycan və Türkiyə şirkətləri 500 milyon dollardan çox dəyərində sazişlər imzalayıb.
Sərgi indiyədək ən genişmiqyaslı olub
Altıncı müdafiə sərgisində 29 ölkədən 270-dən çox şirkətin iştirakı təsdiqlənib. Milli pavilyonlarda 14 ölkə təmsil olunub, tədbirə qatılmaq üçün 59 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.
İştirakçıların sayının və sərgi sahəsinin artması ilə əlaqədar Bakı Ekspo Mərkəzində yeni tikilmiş 5-ci pavilyon da istifadəyə verilib.
Pilotsuz və robot sistemləri ön plana çıxıb
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi silahlı yerüstü robot, kamikadze yerüstü robot və təkərli pilotsuz yerüstü vasitə, eləcə də düşmən dronlarını zərərsizləşdirmək üçün nəzərdə tutulan BARS tipli ələ keçirici dron nümayiş etdirib.
Türkiyə ilə birgə hazırlanan zərbə PUA-sı ilk dəfə sərgilənib. Onun uzunluğu 3,5 metr, qanadlarının açıqlığı 3,2 metr, uçuş müddəti isə iki saatdır.
Türkiyə ilə 500 milyon dollardan çox dəyərində saziş
Türkiyə şirkətləri ilə imzalanan razılaşmalara 14 təlim təyyarəsinin alınması, “Aselan” şirkətinin ALP-100 radarı üzrə əməkdaşlıq, “Baykar”ın dron sistemləri və “Roketsan”ın “Barbaros” sahil müdafiə sistemi daxildir. Türkiyə sərgidə ən geniş milli təmsilçiliyə malik olub, “Roketsan” isə ADEX-in baş sponsoru kimi çıxış edib.
Digər ölkələr də tərəfdaş kimi önə çıxıb
ABŞ-ın “Northrop Grumman” şirkəti sərginin ölkə tərəfdaşı sponsoru olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva İtaliyanın müdafiə şirkəti “Leonardo”nun stendi ilə də tanış olublar.
2024-cü ildən bəri Bakı İsrail, Türkiyə, İtaliya, Pakistan, Serbiya və Çexiya ilə silah tədarükü və ya hərbi texnologiyalar sahəsində əməkdaşlıq üzrə sazişlər imzalayıb.
Azərbaycanın müdafiə sənayesi diqqət mərkəzində
İlk dəfə 4-cü zal tamamilə milli ekspozisiyaya ayrılıb. Burada Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Nazirliyi və Minatəmizləmə Agentliyi ilə yanaşı, “Azərkosmos” və “Azərsilah” da iştirak edib.
Müdafiə Sənayesi Nazirliyi 130 məhsul nümunəsi təqdim edib. Yerli istehsal nümunələri arasında kamikadze dronlar, pilotsuz yerüstü vasitələr, atıcı silahlar, döyüş sursatları və artilleriya sistemləri yer alıb.