ABŞ və İranın son günlərdə qarşılıqlı hücumlardan sonra hərbi əməliyyatların dayandırılması barədə razılığa gəldiyi bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Məlumata görə, qərar Hörmüz boğazı və ətrafında baş verən silsilə hücumlardan, eləcə də tərəflərin bir-birini atəşkəsi pozmaqda ittiham etməsindən sonra qəbul edilib.
Adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, Hörmüz boğazında gəmilərin sərbəst hərəkəti yenidən təmin olunacaq.
Onun sözlərinə görə, münaqişənin başa çatdırılmasına yönəlmiş danışıqlar da davam etdiriləcək.
İran tərəfi isə hücumların dayandırılması ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Məlumata əsasən, tərəflər arasında iyunun 17-də imzalandığı bildirilən 14 maddədən ibarət memorandum bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırılmasını nəzərdə tutur.
Razılaşma çərçivəsində İranın 60 gün ərzində Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək üçün səy göstərəcəyi qeyd edilir. Lakin boğazda yük gəmisinə hücum və bunun ardınca ABŞ-ın həyata keçirdiyi cavab hava zərbələrinin atəşkəsi təhlükə altına saldığı bildirilir.
İddialara görə, İran buna cavab olaraq Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb.
Qeyd olunur ki, qlobal neft və təbii qaz daşımalarının əsas marşrutlarından biri olan Hörmüz boğazında sabitliyin bərpası istiqamətində diplomatik səylər davam edir.
Bununla yanaşı, ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında əldə olunduğu bildirilən çərçivə razılaşmasının "Hizbullah" tərəfindən rədd edildiyi vurğulanır.
Təşkilat Livan hökumətini ölkənin suverenliyinə xələl gətirməkdə ittiham edib.
İsrail ordusu isə razılaşmadan iki gün sonra Livanın cənubunda "Hizbullah"a məxsus olduğu bildirilən tunelə zərbə endirdiyini açıqlayıb.
Məlumatda həmçinin qeyd olunur ki, Tehran daha genişmiqyaslı atəşkəs razılaşmasının davamlı olması üçün Livandakı toqquşmaların tam dayandırılmasının vacib olduğunu bildirir.