ABŞ Ukrayna ilə danışıqları mümkün qədər tez yekunlaşdıraraq Rusiyaya münaqişənin həlli üçün güclü tədbirlər paketi təqdim etməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Axios" portalı adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqtonun əsas məqsədi “mümkün olan ən güclü tədbirlər paketini hazırlamaq və danışıqları tamamlayacaq bir təkliflə Rusiyaya qayıtmaqdır”.
15 dekabrda Ağ Evdə çıxış edən ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinin indiyədək heç vaxt olmadığı qədər yaxın olduğunu bildirib.
ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk mərhələsi 14 dekabrda Berlində keçirilib və təxminən beş saat davam edib. Tərəflər dialoqu 15 dekabr səhəri daha iki saat davam etdiriblər. ABŞ nümayəndə heyətinə Prezidentin xüsusi elçisi Stiven Vitkoff və Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner daxil olub. Ukrayna tərəfini isə Prezident Vladimir Zelenski, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edib.
Axios-un daha əvvəl Vaşinqton administrasiyasındakı mənbəyə istinadən verdiyi məlumata görə, gələn həftəsonu hərbi və işçi qrupları səviyyəsində ikitərəfli danışıqların yeni mərhələsi ABŞ-da, ehtimal ki, Floridanın Mayami şəhərində keçirilə bilər.