Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın artan ballistik raket hücumlarının qarşısını almaq üçün ölkəsinin ehtiyac duyduğu hava hücumundan müdafiə raketlərinin yalnız onda birinə sahib olduğunu bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O, hava hücumundan müdafiə sursatlarının tədarükü üçün günlərini intensiv diplomatik görüşlər və telefon danışıqları ilə keçirdiyini deyib.
Ukrayna lideri Rusiyanın son həftələrdə ballistik raket hücumlarını əhəmiyyətli dərəcədə artırdığını, xüsusilə paytaxt Kiyevin hədəfə alındığını bildirib.
Onun sözlərinə görə, Ukraynanın raket ehtiyatları tükənmək üzrədir.
Zelenski qeyd edib ki, bu il Ukraynanın əlində 2025-ci illə müqayisədə 2,5 dəfə az raket var.
O, Rusiyanın isə ayda əvvəlkindən iki dəfə çox ballistik raket istehsal etdiyini bildirib.
“ABŞ öz ehtiyatlarının 5 faizini bizə satsaydı, qışı keçirə və insanların həyatını xilas edə bilərdik. Ehtiyatlarının 10 faizini satsalar, Rusiyanın bütün ballistik raketlərini məhv edərdik. Hazırda isə məndə bunun yalnız 1 faizi var”, - Zelenski bildirib.
O, dünyada yaşanan sursat çatışmazlığına da toxunaraq ABŞ-nin Yaxın Şərqdəki münaqişələr zamanı böyük həcmdə raketlərdən istifadə etməsinin Ukraynaya silah tədarükünə mənfi təsir göstərdiyini vurğulayıb.
Zelenski ABŞ Prezidenti Donald Trampın Ankarada keçirilən NATO sammiti çərçivəsində Ukraynaya öz “Patriot” raketlərini istehsal etməsi üçün lisenziya verilə biləcəyi barədə açıqlamasını da xatırladıb.
O bildirib ki, bu istiqamətdə hələlik konkret irəliləyiş əldə olunmayıb.
Ukrayna lideri istehsal lisenziyası almağa ümid etdiyini deyərək, hazırda nə ABŞ ehtiyatlarının 5 faizinə, nə də müvafiq icazəyə sahib olduqlarını bildirib.
Zelenski bu vəziyyəti müharibənin əvvəlindən bəri qarşılaşdığı ən böyük sınaqlardan biri adlandırıb.
O həmçinin Rusiyanın dövlət başçısı Vladimir Putinin ərazi tələblərini qəbul etməyəcəklərini və təhlükəsizlik zəmanətlərinin Ukrayna üçün kritik əhəmiyyətini qoruduğunu bildirib.
Onun sözlərinə görə, Putin müharibəni böyük qələbə qazanmadan başa çatdırmaq istəmir.
Zelenski Rusiya liderinin NATO üzvü olan Baltikyanı ölkələr də daxil olmaqla daha kiçik dövlətlərə qarşı yönələrək sürətli qələbə əldə etməyə cəhd göstərə biləcəyini iddia edib.