ABŞ ilk dəfə orbitə silah yerləşdirdiyini rəsmən təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin naziri Troy Meynk Hava, Kosmos və Kiberməkan Konfransında bəyan edib.
Məlumata görə, Meynk ABŞ-nin inkişaf edən təhdidlərə hazır olduğunu vurğulasa da, yerləşdirilən silahın imkanları və orbitə nə vaxt çıxarıldığı barədə ətraflı məlumat verməyib. ABŞ-nin yüksək rütbəli hərbi rəhbərləri daha əvvəl Rusiya və Çinin gələcək münaqişələr zamanı ABŞ peyklərinə hücum etmək imkanları üzərində işlədiyini bildiriblər. Donald Tramp administrasiyası da kosmik əsaslı imkanların və qabaqlayıcı raketlərin ölkəni müdafiə etmək üçün nəzərdə tutulan “Qızıl Günbəz” müdafiə sisteminin mühüm hissəsi olduğunu açıqlayıb.
Bildirilib ki, ABŞ Kosmik Qüvvələri 2019-cu ildə kosmosdakı aktivləri qorumaq məqsədilə yaradılıb. Kosmik Qüvvələrin sözçüsü zərurət yarandıqda düşmən imkanlarına kinetik və qeyri-kinetik vasitələrlə müdaxilə etməyin mümkünlüyünü diqqətə çatdırıb. Fevralın əvvəlində iki Rusiya peykinin Avropa peyklərinin rabitəsinə müdaxilə etdiyi, həmçinin Çin və Rusiyanın kosmosu hərbi əməliyyatlar məkanı kimi gördüyü də qeyd olunub.