ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra Aralıq dənizinin şərqinə göndərdiyi dünyanın ən böyük hərbi gəmisi olan “Gerald R. Ford”u geri çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “ABC News” telekanalı ABŞ hərbi idarəsinə istinadən məlumat yayıb.
ABŞ-ın yüksək rütbəli rəsmisi bildirib ki, aviadaşıyıcının geri qayıtması ilkin plana uyğun olacaq.
Onun sözlərinə görə, “Gerald Ford”un qayıtmasından sonra da Birləşmiş Ştatlar Aralıq dənizində əlavə kreyserlər və esmineslər yerləşdirəcək, bölgədə güclü hərbi imkanlara və çevikliyə malik olacaq.
Qeyd edək ki, 2017-ci ildə Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilən “Gerald R. Ford” ABŞ donanmasının 40 ildən çox müddətdə layihələndirdiyi yeni və ən müasir təyyarədaşıyan gəmisidir.
Ən böyük ABŞ aviadaşıyıcısı HƏMAS-ın İsrailə hücumundan bir gün sonra bölgəyə göndərilib. Bu addım İranın və "Hizbullah"ın bölgədəki münaqişəni genişləndirməməsi üçün atılıb.
Dekabr ayında Pentaqon rəhbəri Lloyd Ostin regionda gərginliyin yüksək olaraq qalması səbəbindən bu çəkindirici rolunu qorumaq üçün daşıyıcının yerləşdirmə müddətini üçüncü dəfə uzadıb.