İsrail qüvvələri Qəzza zolağına doğru hərəkət edən daha bir gəmi qrupunu açıq dənizdə ələ keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Qəzza zolağının qanuni dəniz blokadasını pozmaq və döyüş bölgəsinə daxil olmaq üçün daha bir nəticəsiz cəhd uğursuzluqla başa çatıb. Gəmilər və sərnişinlər İsrail limanına çatdırılıb. Bütün sərnişinlər sağ-salamatdır və onların yaxın vaxtlarda deportasiya olunacağı gözlənilir", - nazirlik bildirib.
“The Times of Israel” qəzetinin yazdığına görə, sözügedən qrup Qəzza blokadasını yarmaq məqsədi daşıyan təxminən 100 Fələstin tərəfdarı olan Azadlıq Donanması Koalisiyasının doqquz gəmisindən ibarət qrup olub. Onlar təxminən iki həftə əvvəl İtaliya limanından yola düşüblər. Fəalların sözlərinə görə, onlar Qəzzalılara kömək etmək üçün 110 min dollardan çox dəyərində humanitar yardım aparıblar.