Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova BMT-nin baş katibi Antonio Quterreşin öz müqəddəratını təyinetmə prinsipinin Krım və Donbasa tətbiq olunmadığı ilə bağlı mövqeyini tənqid edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Zaxarova bu barədə RT-yə müsahibəsində danışıb.
Diplomat bildirib ki, əgər BMT-nin Baş katibi özünü müəyyən ölkələr qrupunun sözçüsü kimi aparırsa, o zaman həmin qurumlarda vəzifə tutmağı düşünməlidir. “Əgər BMT-nin Baş katibi özünü bu ölkələr qrupunun sözçüsü hesab edirsə, bəlkə də işə getməli və bu birliklərin Baş katibi olmalıdır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Qərb azlığı hesab edir ki, yalnız onlar hansı xalqın müəyyən dövlətdən ayrılaraq digərinə qoşulmaq üçün referendum keçirmək hüququna malik olduğuna qərar verə bilər.
Zaxarova vurğulayıb ki, Quterreşə kollektiv Qərbin mövqeyi ilə uzlaşan bəyanatlar vermək səlahiyyəti heç kim tərəfindən verilməyib.
O əlavə edib ki, əgər BMT-nin Baş katibi hələ də dünya təşkilatını bütövlükdə təmsil edirsə, bu cür açıqlamalar verməməlidir.