"YouTube" İranyönlü “Explosive Media” media qrupuna məxsus kanalı platforma qaydalarının pozulması səbəbilə bloklayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” “Le Figaro” qəzetinə istinadla xəbər verir ki, qərar Donald Trampın da yer aldığı satirik videoların yayımlanmasından sonra verilib.
Məlumata görə, kanal süni intellektlə hazırlanmış və leqo üslubunda personajların istifadə olunduğu videolarla tanınıb. Qadağa Donald Trampı ələ salan və İranın qələbəsini elan edən bir videonun yayımlanmasından qısa müddət sonra tətbiq olunub.
Bildirilib ki, videolarda raket zərbələri və hərbi texnika səhnələri də yer alıb. Bu məzmunun milyonlarla baxış topladığı və əsasən İran xaricində ingilisdilli auditoriya arasında yayıldığı qeyd olunur.
Qeyd edilib ki, bloklanmaya baxmayaraq “Explosive Media” X və teleqram kimi platformalarda fəaliyyətini davam etdirir. Daha əvvəl isə hesabların Meta şirkətinə məxsus Instagram platformasında da silindiyi bildirilmişdi.
“Explosive Media” isə İran hökuməti ilə əlaqə iddialarını rədd edərək bu ittihamları “medianın təhrif olunması” kimi qiymətləndirib.