Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə çağırış edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, çağırış deyilir:
Hazırda paytaxtda və ölkə ərazisinin bəzi bölgələrində müşahidə olunan qatı duman avtomobil yollarında görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Görünüş məsafəsinin azalması sürücülərin yol şəraitini düzgün qiymətləndirməsinə mane olur ki, bu da bir anlıq diqqətsizlik nəticəsində ağır və arzuolunmaz hadisələrə səbəb ola bilər:
"Bu baxımdan Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarının diqqətinə çatdırır ki, dumanlı hava şəraitində sürət həddinin azaldılması, nəqliyyat vasitələri arasında təhlükəsiz ara məsafəsinin saxlanılması, işıq cihazlarından yalnız təyinatına uyğun istifadə edilməsi, qəfil dayanma və təhlükəli manevrlərdən çəkinilməsi, eləcə də ötmə əməliyyatlarının yalnız icazə verilən yerlərdə və təhlükəsiz şəraitdə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir".
Yol polisi piyadalara xatırladıb ki, yolu yalnız görünən və icazə verilən yerlərdən keçməli, yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin olmadığından və ya sürücülərin onlara yol vermək üçün tam dayandığından əmin olmalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha vurğulayıb ki, qatı duman şəraitində yol hərəkəti qaydalarına ciddi əməl olunması hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
"Unutmayaq ki, yollarda diqqətli, ehtiyatlı və məsuliyyətli davranış yol-nəqliyyat hadisələrinin qarşısının alınmasının əsas şərtidir", -məlumatda qeyd edilib.