Avqustun 9-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati, missiya rəhbərinin müavini Elisavet Karacianidu və siyasi analitik Noemi Arçidiakono ilə görüş keçirilib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Partiyadan məlumat verilib.
Bildirilib ki, görüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən Ditmir Buşati ATƏT DTİHB missiyasının tərkibi və fəaliyyəti barədə məlumat verib. O, rəhbərlik etdiyi heyətin ATƏT DTİHB-nin Azərbaycandakı 14-cü seçki müşahidə missiyası olduğunu söyləyib. O, Azərbaycanda seçkilərə hazırlıq prosesini öyrənmək məqsədilə müvafiq dövlət qurumlarının nümayəndələri, seçkilərdə iştirak edən partiyalar və namizədlərlə görüşlər keçirdiklərini diqqətə çatdırıb.
YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın seçki təcrübəsi barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan uzun illərdir ATƏT DTİHB ilə əməkdaşlıq edir, qurum ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərini müşahidə edir.
Tahir Budaqov 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar bütün namizədlərə bərabər şəraitin yaradıldığını və yüksək rəqabət mühitinin olduğunu vurğulayaraq seçkilərin azad, şəffaf və demokratik şəraitdə baş tutacağına əminliyini ifadə edib. O, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq tədbirləri, namizədlərin qeydiyyatı, partiyanın seçki platforması və digər təşviqat materialları haqqında ümumi məlumat verərək YAP-ın bütün prosedurları qanun çərçivəsində və maneəsiz olaraq həyata keçirdiyini bildirib. Tahir Budaqov hazırda qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla seçkiqabağı təşviqat işlərinə başlanıldığını və partiya fəallarının bu prosesə aktiv cəlb edildiklərini diqqətə çatdırıb.
Müşahidə missiyası üzvlərinin suallarını cavablandıran Tahir Budaqov missiyanın fəaliyyətinə uğurlar arzulayıb.