Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) "Media mərkəzi"ndə eyni vaxtda 400 media nümayəndəsi işləyə bilər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olarkən məlumat verilib.
Bildirilib ki, iki hektar sahəni əhatə edən zonada "Media mərkəzi" ilə yanaşı, "Dəyirmi masa", "Xüsusi sessiya" və "Dialoq zalları" yerləşir:
"Media mərkəzi"ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur. "Media mərkəzi"nin ümumi tutumu 600 nəfərdir. Burada eyni vaxtda isə 400 media nümayəndəsi işləyə bilər".
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.