Mikroçip nəhəngi "Nvidia"nın satışlarında daha bir böyük artım qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Şirkətin yaydığı açıqlamaya görə, ikinci rübdə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 96 milyard dollara çatıb.
"Nvidia" növbəti rüb üçün isə 108 milyard dollar gəlir gözlədiyini bildirib.
Şirkətin baş icraçı direktoru (CEO) Jensen Huang süni intellektin dönüş nöqtəsinə çatdığını və bu sahəyə infrastruktur yatırımlarının sürətlə davam etdiyini qeyd edib.
Bildirilib ki, "Nvidia"nın səhmləri birjanın bağlanmasından sonrakı əməliyyatlarda 4,7 faiz bahalaşıb.
Şirkətin məlumat mərkəzi bölməsi hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 117 faiz artımla 89 milyard dollar gəlir əldə edib.
Bu göstərici süni intellekt sektorunun "Nvidia" avadanlıqlarından yüksək dərəcədə asılı olduğunu bir daha ortaya qoyub.
"Amazon", "Meta", "Google" və "Microsoft" da daxil olmaqla, süni intellekt alətləri və infrastrukturu hazırlayan demək olar ki, bütün aparıcı texnologiya şirkətləri "Nvidia" çiplərindən istifadə edir.
Maliyyə analitikləri şirkətin güclü nəticələrinin "Nvidia"nın bazardakı yüksəliş tempini qoruduğunu bildiriblər. “Hargreaves Lansdown”un baş səhm analitiki Mett Britzman gəlir və mənfəət göstəricilərinin proqnozları üstələməsini böyük nəticə kimi qiymətləndirib.
"Nvidia"nın artan maliyyə imkanları şirkətin sektordakı rolunu da genişləndirir. Şirkət “OpenAI”, “Anthropic” və “SpaceX” kimi öz çiplərindən asılı olan şirkətlərə maliyyə dəstəyi göstərərək bahalı süni intellekt infrastrukturunun qurulmasına töhfə verir.
Prosessor gücünə artan tələbat "Nvidia"nı 5 trilyon dollardan çox bazar dəyəri ilə dünyanın ən dəyərli şirkətinə çevirib.
Müştərilərin öz prosessorlarını hazırlaması və Çindəki daha ucuz təchizatçıların yaratdığı rəqabət artsa da, son maliyyə göstəriciləri bu çətinliklərin hələlik "Nvidia"nın böyüməsinə ciddi təsir göstərmədiyini nümayiş etdirir.