İranın Xarici İşlər naziri Abbas Araqçı ABŞ ilə dolayı nüvə danışıqlarının ikinci raundu ərəfəsində Cenevrəyə gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" İran dövlət mediasına istinadən xəbər verir ki, Omanın vasitəçiliyi ilə keçirilən müzakirələrin fevralın 17-də baş tutması planlaşdırılır.
Araqçı "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, o, Cenevrəyə "ədalətli və bərabərhüquqlu sövdələşməyə nail olmaq üçün real ideyalarla" gedib.
Nazir həmçinin qeyd edib ki, İran hədə-qorxu qarşısında geri çəkilməyəcək.
Səfər çərçivəsində Araqçının Beynəlxalq Atom Enerjisi Agentliyinin ("IAEA") Baş direktoru Rafael Qrossi ilə görüşü də gözlənilir.
ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib ki, Prezident Donald Tramp diplomatik nəticənin tərəfdarı olsa da, razılaşmanın əldə olunacağına dair tam təminat yoxdur. Eyni zamanda, rəsmi Vaşinqton regiona ehtiyat tədbiri olaraq ikinci aviadaşıyıcı gəmi də daxil olmaqla əlavə hərbi qüvvələr yerləşdirib.
Tehran administrasiyası nüvə proqramının mülki məqsədlər daşıdığını iddia edir, Vaşinqton isə yüksək səviyyəli zənginləşdirmənin nüvə silahına yol aça biləcəyindən narahatdır. Cenevrə görüşü tərəflər arasındakı fikir ayrılıqlarının aradan qaldırılması üçün mühüm sınaq hesab olunur.