Yaponiyanın paytaxtı Tokio yaxınlığında yerləşən Çiba prefekturasında ötən həftə yağan intensiv yağışlar ciddi fəsadlara səbəb olub.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 13 nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb.
Təbii fəlakət bölgənin yaşayış məntəqələrinə və infrastrukturuna ciddi ziyan vurub. Rəsmi məlumatlara görə, təxminən 66 yaşayış evi yararsız vəziyyətə düşüb.
Təhlükəsizlik məqsədilə 63 sakin evlərindən təxliyə edilərək xüsusi sığınacaqlara yerləşdirilib.
Güclü yağışların yaratdığı daşqınlar nəqliyyat sisteminə də ciddi təsir göstərib.
Məlumata görə, daşqınlar zamanı sürücülərin tərk etmək məcburiyyətində qaldığı 2 500-ə yaxın avtomobil hələ də yollarda qalır.
Hazırda aidiyyəti qurumlar ərazidə xilasetmə və bərpa işlərini davam etdirir, yollarda qalan nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə ərazidən çıxarılması istiqamətində tədbirlər görülür.