ABŞ-nin Virciniya ştatında Federal Dairə Məhkəməsi “Titanic” gəmisinin qalıqlarından çıxarılan 100-dən çox tarixi əşyanın hərracda satışını qadağan edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, hakim Rebekka Biç Smit qərarını kolleksiyanın bütövlüyünün və tarixi əhəmiyyətinin qorunması ilə əsaslandırıb.
Gəminin qalıqları üzərində müstəsna xilasetmə hüququna malik “RMS Titanic” şirkətinin keçirmək istədiyi hərrac məhkəmənin müdaxiləsindən sonra təxirə salınıb.
Hakim bildirib ki, əşyaların satışı yalnız məhkəmənin təsdiqindən sonra həyata keçirilə bilər. Şirkətdən həmçinin kolleksiyaya daxil olan bütün əşyaların tam inventar siyahısını və onların hazırkı vəziyyəti barədə ətraflı hesabat təqdim etmək tələb olunub.
Hərraca çıxarılması planlaşdırılan əşyalar arasında müxtəlif zinət əşyaları, gəminin interyerində istifadə olunan süfrə dəstləri və “Titanic”in məşhur pilləkənlərini bəzəyən bürünc mələk heykəli kimi nadir tarixi nümunələr də yer alıb.
ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA), bir sıra arxeoloqlar və gəminin qalıqlarının tədqiqində iştirak edən Fransa hökuməti də satışa qarşı çıxıb.
Onlar tarixi əşyaların ayrı-ayrılıqda satılmasının kolleksiyanın bütövlüyünə zərər verə biləcəyini və bu səbəbdən nümunələrin birlikdə qorunmasının vacib olduğunu bildiriblər.