İranda davam edən kütləvi etiraz aksiyaları fonunda tətbiq edilən sərt internet məhdudiyyətləri qismən yumşaldılmağa başlanıb. Çərşənbə axşamı yayılan məlumatlara görə, ölkədə bir neçə yerli messencerin fəaliyyəti bərpa edilib.
İstifadəçilər artıq qrup çatları, dinamik paylaşımlar və multimedia fayllarının ötürülməsi kimi əsas funksiyalardan yararlana bilirlər. Bu, ümummilli internet kəsintisindən sonra tətbiq edilən nəzarət mexanizmlərinin ilk əhəmiyyətli dərəcədə geri çəkilməsi kimi qiymətləndirilir. Bununla belə, kibertəhlükəsizliyi monitorinq edən Netblocks təşkilatı ölkə üzrə ümumi internet trafikinin hələ də normal səviyyədən xeyli aşağı olduğunu təsdiqləyib.
İranın elm məsələləri üzrə vitse-prezidenti Hüseyn Əfşin jurnalistlərə açıqlamasında bildirib ki, internetə qoyulan məhdudiyyətlər həftə sonundan etibarən mərhələli şəkildə aradan qaldırılacaq. Qeyd edək ki, yerli mediada Google axtarış sistemi və SMS xidmətlərinin fəaliyyətinin də artıq bərpa olunduğu bildirilir.
Xatırladaq ki, İranda internet blokadası yanvarın 8-dən, iqtisadi çətinliklərə və siyasi təzyiqlərə qarşı başlayan genişmiqyaslı etiraz aksiyaları zamanı tətbiq edilib. Beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının faktaraşdırıcı missiyası rəsmi Tehrana çağırış edərək, insan hüquqlarının qorunması və informasiya azadlığının təmin edilməsi üçün rabitənin tam bərpasını tələb edib.