Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında sürücüləri maraqlandıran mühüm qərarlar qəbul edilib. "Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" qanunlara edilən dəyişikliklər, xüsusilə ödənişli avtomagistrallarda sürət həddinin artırılmasını və cərimə meydançaları ilə bağlı yeni qaydaları əhatə edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təsdiqlənən dəyişikliyə əsasən, ödənişli avtomagistrallarda yol hərəkəti üçün maksimum sürət 130 km/saat müəyyən edilir.
Avtomagistral anlayışı necə dəyişir?
Qanunvericilikdə avtomagistral anlayışının çərçivəsində də mühüm dəyişikliklər edilib. Yeni qaydalara görə, avtomagistral — bu qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və sonu müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən yoldur.
Bu yollar bir-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılır, fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulur. Əsas tələblərdən biri odur ki, avtomagistralın digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmamalıdır.
Bundan əlavə, standartlara görə bu yollar hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilməlidir.
Cərimə meydançası və ödəniş qaydaları: Sürücüləri nə gözləyir?
Yeni əlavə edilən anlayışa əsasən, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun mühafizə olunan duracağına gətirildikdə, sahibi müəyyən edilmiş haqqı ödədikdən dərhal sonra avtomobil ona qaytarılır.
Əgər nəqliyyat vasitəsi qanunsuz saxlanılıbsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulubsa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət etmək hüququna malikdir.
Mühafizə olunan duracaqda saxlama haqqının hesablanması qaydası da dəqiqləşdirilib. Ödəniş, nəqliyyat vasitəsinin duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır.
Nəqliyyat vasitəsinin duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya şikayət təmin edildikdə, ödənilmiş məbləğ nəqliyyat vasitəsinin sahibinə geri qaytarılır. Layihə səsvermədən sonra üçüncü oxunuşda qəbul edilib.