Ukraynanın şərqində yerləşən Xarkov vilayətinin daha 60 yaşayış məntəqəsində məcburi təxliyə elan olunub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, mülki əhalinin təxliyə zonası Kupyansk, Boqoduxov və Xarkov rayonlarında genişləndirilib.
Bundan əlavə, daha 2 rayonun yaşayış məntəqələrində də məcburi təxliyə tətbiq olunub.
Sinequbov bildirib ki, təkcə Şevçenkove rayonunda 41 yaşayış məntəqəsinin sakinlərinin təxliyəsi məcburi xarakter daşıyır. Beləliklə, ümumilikdə vilayət üzrə 60 yaşayış məntəqəsində məcburi təxliyə qərarı qüvvəyə minib.
Qeyd edək ki, bundan əvvəl də Xarkov vilayətinin 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilmişdi.
Məlumat üçün bildirək ki, Ukraynada cəbhə xəttinin yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən yerli hakimiyyət orqanları mütəmadi olaraq təxliyə qərarları qəbul edir.
Son rəsmi məlumatlara görə, son doqquz ay ərzində cəbhəyanı bölgələrdən 178 mindən çox sakin təxliyə olunub.