İsrailin Baalbekə hücumu nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyinə (NNA) istinadən məlumat yayıb.
Bildirilib ki, İsrailin Beyrutun şimal-şərqində yerləşən Baalbek şəhərindəki yaşayış kompleksinə endirdiyi hava hücumu nəticəsində ölənlərin sayı beşə çatıb, 15 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatlarında müxtəlif qurumlar iştirak edir.
Baalbek şəhərinin meri qeyd edib ki, zərər görən kompleksdə yalnız mülki ailələr yaşayır. Livanın Səhiyyə Nazirliyi daha əvvəl bildirib ki, 2 mart səhəri ilə 3 mart axşamı arasında İsrailin hücumları nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb, 335 nəfər yaralanıb.
"Əl-Cəzirə"nin məlumatına görə, İsrail ordusu 4 martda Livanın cənubundakı 16 kəndin sakinlərini təxliyə etmələri barədə xəbərdar edib. İsrail qüvvələri həmçinin Əl-Hazmiyyə yolu və Baalbek yaxınlığındakı bir otelə atəş açıb.
Bundan əlavə, Hizbullah 4 mart səhəri İsrailin şimalındakı Metula şəhəri yaxınlığındakı İsrail qoşunlarının toplanma məntəqəsinə raket hücumu elan edib.