“Barselona” ilə oynamaq hər futbolçunun arzusudur. “Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov bu barədə EFE agentliyinə açıqlamasında deyib.
27 yaşlı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün İspaniya təmsilçisinə qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb.
“Barselona”ya qarşı oynamaq “Sabah” üçün fəxr, hər futbolçu üçün isə arzudur. Biz rəqibin fərdi oyunçularını yox, bütöv komandanı təhlil edirik. Qarşılaşmaya hazırlığımız da məhz buna əsaslanıb. “Barselona”nın gücü kollektivdədir. Bakı Olimpiya Stadionunun tam dolacağı gözlənilir. Belə tribunalar önündə nəhəng komandaya qarşı oynamaq əlavə məsuliyyətdir. Amma matç başlayanda bütün emosiyalar unudulur. Həmin andan etibarən yalnız oyuna köklənirsən. Lakin güclü komandalara qarşı öz oyun üslubunu qorumaq da çətindir”, – Daşdəmirov bildirib.
Azərbaycan millisinin üzvü qitənin bir nömrəli klub turnirində debüt etmələri barədə də danışıb.
“Sabah” doqquz il əvvəl yaradılan klubdur və qısa müddətdə UEFA Çempionlar Liqasında çıxış etməsi böyük işlər görüldüyünü göstərir. Bakıda bu cür böyük Avropa klubları ilə üz-üzə gəlmək artıq planın yerinə yetirilməsi deməkdir. Biz “Barselona” ilə görüşdə mümkün olan ən yaxşı nəticəni qazanmaq üçün meydana çıxacağıq”, – o deyib.
“Sabah” – “Barselona” oyunu bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.