Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Azərbaycan Prezidenti 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalayıb, Milli Məclisdə 11 qanun qəbul edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev deyib.
O bildirib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib:
"62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib".