ABŞ sülh müqaviləsi imzalanana qədər Ukraynaya silah yardımını davam etdirəcək.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Newsmax” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton sülh razılaşmasına nail olunana qədər NATO müttəfiqlərinə silah satışını davam etdirəcək və həmin silahlar əsasən Ukraynaya tədarük ediləcək. Uitaker qeyd edib ki, söhbət həm hava hücumundan müdafiə sistemlərindən, həm də döyüş əməliyyatlarının davam etdirilməsi üçün hücum silahlarından gedir.
“Çünki məhz bu güc sonda sülhü təmin edəcək ki, müharibə başa çatdıqdan sonra Avropa qitəsi yeni bir işğalla üzləşməsin”, – deyə daimi nümayəndə vurğulayıb.
Qeyd edək ki, NATO-nun baş katibi Mark Rutte daha əvvəl Ukraynada üç-dörd il davam edən münaqişə nəticəsində Avropa ölkələrinin silah ehtiyatlarının əhəmiyyətli hissəsinin məhv edildiyini və ya tükəndiyini açıqlamışdı. Onun sözlərinə görə, bu vəziyyət ABŞ-də mövcud olan ehtiyatlara daha çox etibar edilməsini zəruri edir.