ABŞ Prezidenti Donald Tramp ölkənin enerji infrastrukturunun qorunması məqsədilə fövqəladə vəziyyət elan edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Ağ Evin rəsmi saytında yayımlanan fərmana əsasən, xaricdən idxal olunan elektrik avadanlıqlarının ABŞ-nin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün ciddi risk yaratdığı bildirilib.
Sənəddə qeyd olunur ki, təhlükə həm ayrı-ayrı müqavilələrə, həm də müəyyən kateqoriyalara aid sövdələşmələrə şamil olunur. ABŞ enerji sisteminin təhlükəsizliyini, bütövlüyünü və etibarlılığını təmin etmək üçün əlavə müdafiə tədbirlərinin görülməsi zəruri hesab edilib.
Fərmana əsasən, xarici dövlətlərin və ya xarici vətəndaşların maraqlarının olduğu müəyyən növ elektrik avadanlıqlarının ABŞ-yə idxalı, alınması, ötürülməsi və quraşdırılması qadağan edilir.
Vaşinqton bu addımla enerji infrastrukturuna mümkün xarici müdaxilələrin və təhlükəsizlik risklərinin qarşısını almağı hədəfləyir.
Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-də vətəndaşlıq əldə etmək məqsədilə doğuş üçün ölkəyə gələn turistlərin qarşısını almağa yönəlmiş fərman da imzalayıb.