ABŞ və İran arasında fevral ayından bəri davam edən hərbi gərginliyin Amerika iqtisadiyyatına ciddi təsir göstərdiyi bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Moody’s Analytics” reytinq agentliyinin baş iqtisadçısı Mark Zandi məlumat verib.
Onun açıqlamasına əsasən, münaqişənin başlanmasından sonra ərzaq, yanacaq və digər zəruri xərclərin artması nəticəsində orta statistik ABŞ ailəsinin illik büdcəsinə təxminən 1000 dollar əlavə yük düşüb.
Məlumata görə, ən ciddi bahalaşma yanacaq sektorunda qeydə alınıb. Benzin qiymətlərinin artması xüsusilə may ayında pik həddə çataraq ailə büdcələrinə orta hesabla 300 dollarlıq əlavə xərc yaradıb.
Bildirilib ki, dizel yanacağının bahalaşması logistika və daşınma sektoruna da birbaşa təsir göstərib. Nəticədə fabriklərdən, limanlardan və kənd təsərrüfatı sahələrindən məhsulların daşınması bahalaşıb, bu isə ərzaq qiymətlərində orta hesabla 200 dollarlıq artıma səbəb olub.
Qeyd olunur ki, qlobal inflyasiya təzyiqləri ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz endirimi planlarına da təsir edib. İqtisadçıların hesablamalarına görə, faiz endirimlərinin təxirə salınması və mümkün faiz artımı istehlakçılara əlavə 150 dollar yük gətirə bilər.
Bundan başqa, aviaşirkətlərin yanacaq xərclərini bilet qiymətlərinə daxil etməsi hər ailəyə təxminən 100 dollar, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) regiondakı əməliyyat xərclərinin vergi ödəyicilərinə düşən payı isə əlavə 250 dollar kimi qiymətləndirilir.
Hazırda ABŞ və İran arasında gərginliyin azaldılması üçün Qətərdə sülh danışıqlarının aparıldığı bildirilir. Ekspertlər münaqişənin dayandırılmasının yanacaq qiymətlərinin ilin sonuna doğru normallaşmasına şərait yarada biləcəyini qeyd edirlər.