ABŞ ordusu İranda bir sıra bölgələrə silsilə hava zərbələri endirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ qüvvələri ötən gecə İranın mərkəzi və cənub bölgələrində, o cümlədən İsfahan və Şiraz şəhərlərinə, həmçinin Çabahar, Kunarek, Bəndər-Lenge, Sirik və Abadan istiqamətlərinə hava zərbələri endirib. Vaşinqton əməliyyatların məqsədinin İranın Hörmüz boğazı yaxınlığındakı hərbi imkanlarını zəiflətmək olduğunu açıqlayıb.
Məlumata görə, İran rəsmiləri hücumlar nəticəsində insan tələfatının qeydə alınmadığını bildiriblər. Hazırda zərbə endirilən obyektlərdə dəymiş maddi ziyanın qiymətləndirilməsi aparılır və yaxın vaxtlarda ətraflı məlumatın açıqlanacağı gözlənilir.
İran tərəfi isə cavab olaraq "Nasr 2" əməliyyatının 24-cü dalğasına start verildiyini açıqlayıb. Bildirilir ki, bu çərçivədə Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib. ABŞ tərəfi isə hücumların nəticələri ilə bağlı hələlik ətraflı məlumat açıqlamayıb.