İranın Çinə xam neft satıcıları qiymətləri endirmək məcburiyyətində qalıblar. Buna səbəb, İran ilə ABŞ arasında əldə olunmuş müvəqqəti sülh razılaşmasından sonra Hörmüz boğazından Çinə milyonlarla barel neftin göndərilməsinə başlanılması olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat agentliyin ticarətdə birbaşa iştirak edən şəxslərə istinadən hazırladığı hesabatda yer alıb.
Məlumata görə, iyul ayı üçün İranın yüngül neftinin spot (bazar qiyməti ilə dərhal çatdırılma) yükləri "Brent" marka neftin qiymətlərinə nisbətən bir barel üçün 2,50 dollardan 5 dollara qədər endirimlə təklif olunub. Bildirilib ki, bu rəqəm sözügedən sülh müqaviləsindən əvvəl barel başına tətbiq edilən təxminən 1 dollarlıq endirimlə müqayisədə olduqca yüksəkdir.
"Bloomberg"in ayrıca dərc etdiyi digər bir hesabatda isə qeyd olunub ki, Tehran və Vaşinqton davamlı sülh razılaşması üzərində işlədikləri bir vaxtda regionda gəmiçilik fəaliyyəti sürətlə artmağa başlayıb. Nəticədə, İran müharibənin başlanğıcından bəri Hörmüz boğazı vasitəsilə açıq şəkildə ixrac etdiyi xam neftin həcmini ən yüksək səviyyəyə çatdırıb.